MALLARIN SATINALINMASI ÜZRƏ ÜMUMİ ŞƏRTLƏR
Maddə 1. Giriş hissə
1.1. Hazırkı “Malların satınalınması üzrə Ümumi Şərtlər” (bundan sonra – Ümumi Şərtlər) sonradan ayrı-ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlanacaq, ASCO Shipmanagement AFEZCO (bundan sonra – “Alıcı”) və müvafiq kontragent (bundan sonra – “Satıcı”) arasında imzalanan müvafiq “Malların satınalınması Sifarişi”ndən irəli gələn münasibətləri tənzimləyir.
1.2. Tərəflər arasında imzalanan “Malların satınalınması Sifarişi”ndən (bundan sonra – “Sifariş” və ya “Sifarişlər”) satınalınan malların (bundan sonra – “Mallar”) adı, növü, sayı, qiyməti, çatdırılma şərti, müddəti və digər xüsusiyyətləri əks olunan sənəddir.
1.3. Bu Ümumi Şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib olunmuşdur, müvafiq Sifarişlə müəyyən olunan malların satınalınması və çatdırılması üzrə standart müddəaları təsbit edir və Tərəflər arasında təsdiqlənmiş müvafiq Sifarişin ayrılmaz hissəsi sayılır. Satıcı Sifarişi imzalayaraq Alıcının rəsmi saytında aşağıdakı linkdə yerləşdirilən Ümumi Şərtlərlə tanış olmağı və qəbul etməyi təsdiq edir.
1.4. Alıcı Ümumi Şərtlərə əlavə və/və ya dəyişikliklər edərsə, belə əlavə və/və ya dəyişikliklər Ümumi Şərtlərin yeni variantını onun rəsmi saytında yerləşdirir. Bu halda Sifarişin icrası əlavə və/və ya dəyişikliklər qüvvəyə minməzdən əvvəl Tərəflər arasında imzalanmış və Sifarişin imzaladığı tarixdə qüvvədə olmuş Ümumi Şərtlərə uyğun olaraq həyata keçirilməlidir.
Maddə 2. Satınalma əməliyyatları üzrə tələblər
2.1. Mallar yeni olmalıdır və Satıcı Malları Alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə Mallara aid olan, qanunvericilikdə və ya bu Ümumi Şərtlərdə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və digər sənədləri) Alıcıya təqdim etməlidir.
2.2. Satıcı tərəfindən təqdim edilən Mallar qüsurlardan azad, keyfiyyətli və təyinatına uyğun olmalıdır. Malların keyfiyyəti, əgər Tərəflər arasında bununla bağlı xüsusi razılaşma mövcud deyilsə, ən azı tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan keyfiyyət göstəricilərinə və standartlara uyğun gəlməlidir. Əgər qanunvericilikdə Malların keyfiyyətinə dair xüsusi standart yoxdursa, Mallar müvafiq sənayedə mövcud və qüvvədə оlan standartlara, eləcə də Alıcının etiraz etmədiyi və ya başqa qaydada müəyyən etmədiyi bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübəyə uyğun gəlməlidir.
2.3. Sifarişdə digər qaydada nəzərdə tutulmadıqda, Satıcı Alıcı tərəfindən Malların çatdırılması bildirişi göndərildikdən sonra Malların Tərəflər arasında razılaşdırılmış qaydada Alıcıya təqdim edilməsini, o cümlədən müvafiq nəqliyyatdan boşaldılmasını, yüklənməsini və yerləşdirilməsini təmin etməlidir.
2.4. Malların qəbulu Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan və Tərəflərin möhürləri (və ya ştampları) ilə təsdiq edilən düzgün və tam şəkildə tərtib edilmiş təhvil-təslim aktı əsasında həyata keçirilir.
Maddə 3. Tərəflərin hüquq və vəzifələri
3.1. Alıcının aşağıdakı hüquqları vardır:
3.1.1. Satıcıdan Malların yüksək keyfiyyətlə, razılaşdırılmış şərtlərlə və müddətdə təqdim olunmasını tələb etmək;
3.1.2. Satıcıdan Mallara və onların çatdırılması prosesinə dair məlumat almaq;
3.1.3. Mallara dair qanunvericiliyə və fəaliyyət istiqamətinə uyğun sənədlərin təqdim olunmasını tələb etmək.
3.2. Alıcının aşağıdakı vəzifələri vardır:
3.2.1. Razılaşdırılmış şərtlərə uyğun olaraq Malların dəyərini ödəmək;
3.2.2. Malların təqdim olunmasını təmin etmək məqsədilə Satıcı üçün zəruri şərait yaratmaq;
3.2.3. Malların vaxtında və yüksək keyfiyyətdə təqdim olunmasını təmin etmək məqsədilə Satıcını zəruri olan düzgün və tam məlumatlarla təmin etmək.
3.3. Satıcının aşağıdakı hüquqları vardır:
3.3.1. Razılaşdırılmış şərtlərə uyğun olaraq təqdim edilmiş Malların dəyərinin ödənilməsini Alıcıdan tələb etmək;
3.3.2. Zərurət yarandığı təqdirdə və Alıcının qabaqcadan yazılı razılığı əsasında Sifarişlə müəyyənləşdirilmiş Malların dəyəri dəyişmədən Malların təqdim olunmasına üçüncü şəxsləri cəlb etmək;
3.3.3. Malların təqdim edilməsi üçün zəruri olan bütün məlumatları Alıcıdan tələb etmək.
3.4. Satıcının aşağıdakı vəzifələri vardır:
3.4.1. Fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə və Alıcı tərəfindən bildirilən qaydalara və standartlara riayət etmək;
3.4.2. Malların təqdim olunması ilə əlaqədar qanunvericiliklə alınması tələb olunan bütün icazə və lisenziyalara malik olmaq və ya lazım olduqda müvafiq razılıqları öz hesabına əldə etmək, həmçinin belə icazə, lisenziya və razılığın etibarlılığını müvafiq Sifariş qüvvədə olduğu müddət ərzində təmin etmək;
3.4.3. Malların təqdim olunması zamanı onların məhv olması, habelə onların miqdarı, çeşidi, ölçüsü və keyfiyyətində çatışmazlıqlar aşkarlandıqda Alıcının bildirişində müəyyən edilən müddət ərzində həmin Malların yeniləri ilə əvəz olunmasını, bu mümkün olmadıqda ödənilmiş məbləğin tam olaraq dərhal Alıcıya geri qaytarılmasını təmin etmək;
3.4.4. Malların təqdim edilməsi zamanı ortaya çıxan hər hansı çətinliklər barədə Alıcıya dərhal yazılı məlumat vermək və baş vermiş çətinlikləri və çətinliklər nəticəsində Mallarda yaranmış qüsurları öz hesabına aradan qaldırmaq;
3.4.5. Malların təqdim olunması və istifadəsi ilə bağlı texniki dəstək, izahat və zəruri hallarda təlim vermək;
3.4.6. Malların yüksək keyfiyyət və standartlara cavab verən şəkildə təqdim olunması üçün bütün zəruri tədbirləri görmək və Malların təqdim olunmasına cəlb etdiyi üçüncü şəxslərin hərəkət və hərəkətsizliklərinə görə Alıcı qarşısında birbaşa məsuliyyət daşımaq;
3.4.7. Alıcıya və ya onun işçilərinə, habelə digər üçüncü şəxslərə dəymiş zərərin tam olaraq ödənilməsi üçün məsuliyyət daşımaq və bu cür zərər vura biləcək bütün hallar haqqında Alıcını əvvəlcədən məlumаtlandırmaq və ziyan vurulduğu təqdirdə Malların təqdim edilməsindən sonrakı dövrdə də zərərin əvəzini tam olaraq ödəmək;
3.4.8. Alıcının tələbi əsasında ona Sifarişin icrası və (və ya) Malların təqdim olunması barədə ətraflı məlumat vermək və zəruri sənədləri (icazə, lisenziya, təsdiq, mənşə sertifikatı, keyfiyyət sertifikatı, Satıcının işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq malların mövcudluğunun yoxlanılması məqsədilə müvafiq təsdiqedici sənədlər və s.) lazımi qaydada və dərhal təqdim etmək;
3.4.9. Sifariş üzrə öhdəliklərini həyata keçirərkən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına ciddi riayət etmək;
3.4.10. Malların təqdim olunması zamanı müəyyən edilən və ya təqdim olunmasından sonra zəmanət müddəti ərzində aşkarlanmış qüsurları Alıcının müəyyən etdiyi müddətdə öz hesabına aradan qaldırmaq, bu mümkün olmadıqda isə qüsurlu Malları yenisi ilə əvəz etmək.
Maddə 4. Malların dəyəri və ödəniş şərtləri
4.1. Malların dəyəri Sifarişdə manatla göstərilir.
4.2. Sifarişdə digər qaydada nəzərdə tutulmadıqda, Malların dəyəri Mallar lazımi qaydada qəbul edildikdən sonra Satıcı tərəfindən təqdim olunmuş ödəniş sənədləri və qanunvericiliklə tələb edilən digər sənədlər əsasında (qaimələr, fakturalar, aktlar, digər sənədlər), 15 (on beş) bank günü ərzində Satıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
Maddə 5. Zəmanət
5.1. Satıcı zəmanət verir ki, Alıcıya keyfiyyətli və istismara yararlı, üçüncü şəxslərin hüquqlarından azad Mallar təqdim edir.
5.2. Satıcı müvafiq Sifariş çərçivəsində təqdim olunmuş Mallara onların Alıcı tərəfindən qəbul edildiyi tarixdən Sifarişdə göstərilən müddətə zəmanət verir.
5.3. Əgər zəmanət müddəti ərzində Mal(lar)da qüsurların olması aşkar edilərsə, Satıcı həmin Mal(lar)ı Alıcının Satıcıya ünvanladığı bildirişində göstərilən müddət ərzində keyfiyyətli və qüsursuz olan yenisi ilə əvəz etməyi və ya həmin qüsurları aradan qaldırmağı, bu mümkün olmadıqda isə qüsurlu Mal(lar)ın əvəzinin ödənilməsini öz öhdəsinə götürür.
5.4. Satıcı tərəfindən zəmanət müddəti ərzində qüsurlar aradan qaldırılmazsa, Alıcı həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayaraq Satıcıya ödəniləcək məbləğdən çıxa və ya qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
5.5. Satıcı zəmanət verir ki, təqdim etdiyi mallar onun qanuni sahibliyindədir və zərurət yarandıqda mallara qanuni sahibliklə və ya malların mənbəyi ilə bağlı müvafiq təsdiqedici sənədləri Alıcının tələbi əsasında Alıcıya təqdim edəcəkdir.
Maddə 6. Malların markalanması və qablaşdırılması
6.1. Malların markalanması və qablaşdırılması, onların xüsusiyyətləri nəzərə alınmaqla Malların istehsalçısının müəyyən etdiyi standartlara uyğun olaraq, onların adi şəraitdə xassələrinin saxlanmasını təmin edən müvafiq tara və/və ya qablaşdırmada və müvafiq nəqliyyatla daşınmalar nəzərə alınmaqla həyata keçirilməlidir.
6.2. Qablaşdırma Malların təyinat məntəqəsinə təhlükəsiz, xassələrini saxlayaraq, zədələnmədən və ya kоrlanmadan çatdırılmasını təmin еtməlidir.
Maddə 7. Sifarişin qüvvədə olma müddəti və ona xitam verilməsi
7.1. Sifariş Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və Tərəflərin möhürləri ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və Tərəflər Sifariş üzrə öhdəliklərini tam icra edənədək qüvvədə qalır.
7.2.Sifarişə Tərəflərin qarşılıqlı yazılı razılığı və ya Tərəflərdən biri Sifarişin və ya Ümumi Şərtlərin müddəalarını əhəmiyyətli dərəcədə pozduqda xitam verilə bilər. Bundan əlavə, zərurət yarandıqda Alıcı tərəfindən istənilən səbəbdən Satıcıya 5 (beş) iş günü öncədən bildiriş göndərilməklə faktiki təchiz edilmiş və Alıcı tərəfindən qəbul olunmuş Malların qiymətinin ödənilməsi şərtilə birtərəfli qaydada Sifarişə xitam verilə bilər.
7.3. Satıcının təqsiri nəticəsində Sifarişə xitam verildikdə, Alıcı, belə Malların üçüncü şəxs(lər) tərəfindən təmin edilməsi üçün çəkiləcək bütün məbləği və bu Sifarişin xitamı nəticəsində dəymiş zərəri Satıcıdan tələb etmək və ya Satıcıya ödəniləcək hər hansı bir məbləğlə əvəzləşdirmək (akseptsiz qaydada tutmaq) hüququna malikdir.
Maddə 8. Tərəflərin məsuliyyəti
8.1. Tərəflər Ümumi Şərtlərlə nəzərdə tutulmuş öhdəliklərin icra edilməməsinə, habelə lazımınca icra edilməməsinə görə bu Ümumi Şərtlər və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
8.2. Satıcı müvafiq Sifarişə uyğun Malları Alıcıya tam və vaxtında təqdim edə bilmədiyi təqdirdə, Malların təqdim edilməsinin hər gecikdirilmiş günü üçün təhvil verilməsi gecikdirilmiş Malların dəyərinin 0,1%-i (sıfır tam onda bir faizi) məbləğində cərimə ödəyir.
8.3. Satıcı Ümumi Şərtlərin 5.3-cü bəndində göstərilmiş müddətdə qüsurları aradan qaldırmazsa, Alıcı Satıcıya qüsurların aradan qaldırılmasının hər gecikdirilən günü üçün qüsurlu Malların dəyərinin 1%-i (bir faizi) dəyərində cərimə tətbiq еdə bilər.
8.4. Müvafiq Sifariş üzrə Satıcıya ödəniş gecikdirildikdə, Alıcının hər gecikdirilən gün üçün ödənilməli olan məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) məbləğində cəriməni tələb etmək hüququ var.
8.5. Tərəflər razılaşır ki, müvafiq Sifariş çərçivəsində tətbiq ediləcək cərimənin ümumi məbləği həmin Sifarişin ümumi qiymətinin 10%-dən (on faizindən) çox olmayacaqdır.
Maddə 9. Fors major
9.1. Tərəflər Sifariş və bu Ümumi Şərtlər ilə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sifarişin Tərəflər arasında imzalanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının Sifarişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.
9.2. Ümumi Şərtlərin 9.1-ci bəndi ilə müəyyən edilmiş səbəblərdən Sifarişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.
9.3. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı xəbərdar etməlidir. Müvafiq xəbərdarlığın edilməsi fors-major halın yaranması anından 10 (on) təqvim günündən çox gecikərsə, bu zaman qarşı Tərəf Sifarişə birtərəfli qaydada xitam verə bilər.
9.4. Fors-major halların baş verməsi barədə vaxtında xəbərdar etməyən Tərəf Sifariş və bu Ümumi Şərtlər üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallara istinad etmək hüququnu itirir və tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
9.5. Fors-major halların mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.
Maddə 10. Mübahisələrin həlli
10.1. Sifariş və bu Ümumi Şərtlər ilə əhatə olunmayan məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
10.2. Sifarişdən və ya onunla əlaqədar yaranan bütün mübahisələr, münaqişələr, fikir ayrılıqları və tələblər (bundan sonra “Mübahisələr” adlanacaq) Tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. 30 (otuz) təqvim günü ərzində qarşılıqlı razılıqla həll edilməyən Mübahisələr Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll ediləcəkdir.
Maddə 11. Məxfilik
11.1. Tərəflərdən hər biri Sifariş imzalayaraq, Sifarişçidən və Ümumi Şərtlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi zamanı onlara məlum olmuş məxfi informasiyanı heç bir halda yaymamaq barədə öhdəlik götürürlər. Bu öhdəliklər Satıcı tərəfindən Malların təqdim edilməsi üçün cəlb olunmuş üçüncü şəxslərə də şamil edilir.
11.2. Bu maddənin məqsədləri üçün məxfi məlumat dedikdə, Tərəflərin Sifarişin imzalanması və icrası zamanı əldə etdiyi kommersiya sirləri, texniki, maliyyə, istehsalat məlumatları da daxil olmaqla, ictimaiyyətə açıqlanmayan digər istənilən növ məlumat nəzərdə tutulur.
11.3. Tərəflər təsdiqlənmiş Sifarişdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi zamanı onlara məlum olmuş məlumatları Sifarişin icrasından başqa məqsədlər üçün istifadə etməməlidir.
11.4. Sifariş üzrə məxfi hesab olunan məlumatın açıqlanması yalnız Tərəfin yazılı razılığı əsasında və ya bu Ümumi Şərtlərin və ya qanunvericiliyin tələblərinə əsasən mümkündür.
11.5. Tərəflər Sifarişin müddəti bitdikdən sonra da məxfilik barədə müvafiq öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.
Maddə 12. Korrupsiya ilə mübarizə
12.1. Alıcı qəbul etdiyi korrupsiya ilə mübarizəyə dair müvafiq daxili sənədinin bir hissəsi kimi Alıcıya mal satan (xidmət göstərən) hər hansı bir satıcı və ya agent tərəfindən Alıcının biznes əməliyyatları ilə bağlı olaraq hər hansı bir işi "asanlaşdırmaq" məqsədilə edilən rüşvət ödənişini qadağan edir. Satıcı rüşvət, pulların yuyulması və korrrupsiya əlehinə mübarizəyə dair Azərbaycan Respublikasının Qanunlarına əməl etməli və təsdiqlənmiş Sifarişin/Sifarişlərin icrasına və ya həmin Sifarişdən/Sifarişlərdən əldə ediləcək gəlirə hər hansı bir şəkildə təsir etmək məqsədilə, birbaşa və ya dolayı yolla, hər hansı bir işçi, vəzifəli şəxs və ya dövlət məmuruna qiymətli heç bir şey verməməli və ya verməyə razılaşmamalı və hər hansı bir işçi, vəzifəli şəxs və ya dövlət məmurundan qiymətli heç bir şey almamalı və ya almağa razılaşmamalıdır. Bu bəndin şərtləri Satıcı tərəfindən pozulduqda, Alıcı Sifariş/Sifarişlər üzrə ödənişin edilməsini dayandıra və ya həmin Sifarişə/Sifarişlərə xitam verə bilər.
Maddə 13. Yekun müddəalar
13.1. Sifariş(lər)in və ya Ümumi Şərtlərin hər hansı müddəasının, qanunvericiliyin dəyişməsindən irəli gələn etibarsızlığı, onun digər müddəalarının və bütövlükdə onların etibarsızlığına gətirib çıxarmır.
13.2. Sifariş(lər)in icrasına dair bütün bildirişlər, xəbərdarlıqlar, tələblər və təkliflər (bundan sonra “Bildirişlər” adlanacaq) yazılı qaydada tərtib olunmalıdır. Bildirişlər şəxsən çatdırılmalı, elektron poçt yaxud kuryer xidməti vasitəsilə Tərəflərin müvafiq Sifarişdə göstərilən ünvanlarına göndərilməlidir. Şəxsən çatdırılan hər hansı Bildiriş fiziki olaraq çatdırıldığı, elektron poçt ilə verilmiş Bildirişlər elektron məktubun bildirişinin alındığı, kuryer xidməti vasitəsi ilə göndərilən Bildiriş isə kuryerlə çatdırıldığı və müvafiq qəbzin imzalandığı andan etibarən təqdim edilmiş hesab olunur.
13.3. Bu Ümumi Şərtləin və/və ya Sifarişin/Sifarişlərin dəyişdirilməsinə və ona əlavələrin edilməsinə Tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Bu Ümumi Şərtlərə və/və ya Sifarişə/Sifarişlərə edilən bütün əlavə və dəyişikliklər yazılı qaydada aparılır və Tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları və Tərəflərin möhürləri ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir. Birtərəfli qaydada aparılan əlavə və dəyişikliklər hüquqi qüvvəyə malik deyildir.
13.4. Hər bir Tərəf ona aid olan məlumatları dəyişdiyi təqdirdə, həmin dəyişikliklərin baş verdiyi tarixdən 10 (on) təqvim günü ərzində bu barədə digər Tərəfi yazılı şəkildə məlumatlandırmaq öhdəliyi daşıyır. Bu öhdəlik icra edilmədiyi təqdirdə, digər Tərəf əvvəlki məlumatlarla aparılmış hərəkətlərə görə məsuliyyət daşımır.
13.5. Satıcı müvafiq dövlət qurumu tərəfindən “riskli vergi ödəyicisi” kimi tanındığı (tanınacağı) təqdirdə, Alıcını bu barədə dərhal yazılı şəkildə məlumatlandırmalıdır. Əks halda "riskli vergi ödəyicisi" ilə maliyyə əməliyyatlarının aparılmasına görə Alıcıya dəyən zərərin əvəzi və / və ya hər hansı maliyyə itkiləri (əlavə xərclər, vergi öhdəliyi, cərimə, maliyyə sanksiyası, faiz və s.) Satıcı tərəfindən kompensasiya edilməlidir.