XİDMƏTLƏRİN SATINALINMASI ÜZRƏ ÜMUMİ ŞƏRTLƏR
Maddə 1. Giriş hissə
1.1. Hazırkı “Xidmətlərin satınalınması üzrə Ümumi Şərtlər” (bundan sonra – “Ümumi Şərtlər”) sonradan ayrı-ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlanacaq, ASCO Shipmanagement AFEZCO (bundan sonra – “Sifarişçi”) və müvafiq kontragent (bundan sonra – “İcraçı”) arasında imzalanan müvafiq “Xidmətlərin satınalınması Sifarişi”ndən irəli gələn münasibətləri tənzimləyir.
1.2. Tərəflər arasında imzalanan “Xidmətlərin satınalınması Sifarişi”ndən (bundan sonra – “Sifariş” və ya “Sifarişlər”) satınalınan xidmətlərin (bundan sonra – “Xidmətlər”) adı, təsviri, icra müddəti və yeri, qiyməti və digər xüsusiyyətləri əks olunan sənəddir.
1.3. Bu Ümumi Şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib olunmuşdur, müvafiq Sifarişlə müəyyən olunan Xidmətlərin satınalınması üzrə standart müddəaları təsbit edir və Tərəflər arasında təsdiqlənmiş müvafiq Sifarişin ayrılmaz hissəsi sayılır. İcraçı Sifarişi imzalayaraq Sifarişçinin rəsmi saytında aşağıdakı linkdə yerləşdirilən Ümumi Şərtlərlə tanış olmağı və qəbul etməyi təsdiq edir.
1.4. Sifarişçi Ümumi Şərtlərə əlavə və/və ya dəyişikliklər edərsə, belə əlavə və/və ya dəyişikliklər Ümumi Şərtlərin yeni variantını onun rəsmi saytında yerləşdirir. Bu halda Sifarişin icrası əlavə və/və ya dəyişikliklər qüvvəyə minməzdən əvvəl Tərəflər arasında imzalanmış və Sifarişin imzaladığı tarixdə qüvvədə olmuş Ümumi Şərtlərə uyğun olaraq həyata keçirilməlidir.
Maddə 2. Xidmətlərin göstərilmə prosesi üzrə tələblər
2.1. Bu Ümumi Şərtlər və müvafiq Sifariş çərçivəsində göstərilən Xidmətlər qüsurlardan azad, keyfiyyətli və təyinatına uyğun olmalıdır. Xidmətlərin keyfiyyəti, əgər Tərəflər arasında bununla bağlı xüsusi razılaşma mövcud deyilsə, ən azı qanunvericilikdə nəzərdə tutulan keyfiyyət göstəricilərinə və standartlara uyğun gəlməlidir. Əgər qanunvericilikdə Xidmətlərin keyfiyyətinə dair xüsusi standart yoxdursa, Xidmətlər müvafiq sənayedə mövcud və qüvvədə оlan standartlara, eləcə də Sifarişçinin etiraz etmədiyi və ya başqa qaydada müəyyən etmədiyi bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübəyə uyğun оlmalıdır.
2.2. İcraçı Sifarişçi tərəfindən sifariş bildirişi təqdim edildikdən sonra Xidmətlərin razılaşdırılmış qaydada göstərilməsini təmin etməlidir.
2.3. İcraçı, Xidmətlərin təhvili zamanı Xidmətlərin göstərilməsi ilə bağlı hazırlanmış və ya istifadə olunmuş bütün texniki, hüquqi, maliyyə və digər zəruri sənədləri (o cümlədən hesabatlar, rəylər, planlar, sxemlər, və s.), habelə Sifarişçi tərəfindən əvvəlcədən yazılı şəkildə tələb edilmiş digər sənədləri tam və düzgün şəkildə Sifarişçiyə təqdim etməyi öhdəsinə götürür.
2.4. Xidmətlərin qəbulu Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan və Tərəflərin möhürləri (və ya ştampları) ilə təsdiq edilən düzgün və tam şəkildə tərtib edilmiş təhvil-təslim aktı əsasında həyata keçirilir.
Maddə 3. Tərəflərin hüquq və vəzifələri
3.1. Sifarişçinin aşağıdakı hüquqları vardır:
3.1.1. Xidmətlərin vaxtında, qanunvericiliyin tələblərinə uyğun, yüksək keyfiyyət və standartlara cavab verən şəkildə yerinə yetirilməsini İcraçıdan tələb etmək;
3.1.2. İcraçıdan Xidmətlərin göstərilməsi barədə istənilən vaxt məlumat almaq;
3.1.3. Xidmətlərin göstərilməsi prosesinə mütəmadi olaraq nəzarət etmək.
3.2. Sifarişçinin aşağıdakı vəzifələri vardır:
3.2.1. Bu Ümumi Şərtlərdə və Sifarişdə nəzərdə tutulmuş qaydada göstərilmiş Xidmətləri (onların nəticəsini) qəbul edərək dəyərini ödəmək;
3.2.2. Xidmətlərin vaxtında və keyfiyyətli həyata keçirilməsini təmin etmək məqsədilə İcraçı üçün zəruri şərait yaratmaq;
3.2.3. Xidmətlərin göstərilməsi üçün İcraçını lazımi və düzgün məlumatlarla təmin etmək.
3.3. İcraçının aşağıdakı hüquqları vardır:
3.3.1. Bu Ümumi Şərtlərə və Sifarişə uyğun qaydada göstərilmiş Xidmətlərin müqabilində Sifarişçidən xidmət haqqının ödənilməsini tələb etmək;
3.3.2. Zərurət yarandığı hallarda müvafiq Sifarişlə müəyyənləşdirilmiş Xidmətlərin dəyəri dəyişmədən Xidmətlərin icrasına, Sifarişçinin qabaqcadan yazılı razılığı ilə, əlavə mütəxəssislər və ekspertlər cəlb etmək;
3.3.3. Xidmətlərin göstərilməsi üçün zəruri olan bütün məlumatları Sifarişçidən tələb etmək.
3.4. İcraçının aşağıdakı vəzifələri vardır:
3.4.1. Fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə və Sifarişçi tərəfindən bildirilən qaydalara və standartlara riayət etmək;
3.4.2. Xidmətlərin göstərilməsi ilə əlaqədar qanunvericiliklə alınması tələb olunan bütün icazə və lisenziyalara malik olmaq və ya lazım olduqda müvafiq razılıqları öz hesabına əldə etmək, həmçinin belə icazə, lisenziya və razılığın etibarlılığını müvafiq Sifariş qüvvədə olduğu müddət ərzində təmin etmək;
3.4.3. Sifarişçinin tələbi olarsa, ona Xidmətlərin icrası vəziyyətinə nəzarət etməsinə şərait yaratmaq və mütəmadi olaraq ona göstərdiyi Xidmətlər barədə məlumat vermək;
3.4.4. Xidmətlərin göstərilməsi zamanı Sifarişçiyə və ya onun işçilərinə, habelə digər üçüncü şəxslərə dəymiş zərərin tam olaraq ödənilməsi üçün məsuliyyət daşımaq, bu cür zərər vura biləcək bütün hallar haqqında Sifarişçini əvvəlcədən məlumаtlandırmaq və zərər vurulduğu təqdirdə Xidmətlərin yerinə yetirilməsindən sonrakı dövrdə də zərərin əvəzini tam olaraq ödəmək;
3.4.5. Xidmətlərin icrası zamanı aşkarlanmış, habelə zəmanət müddəti ərzində Xidmətlərin keyfiyyətində yaranmış qüsurları Sifarişçinin bildirişində müəyyən edilən müddətdə və öz hesabına aradan qaldırmaq;
3.4.6. Xidmətlərin göstərilməsinə cəlb edilmiş subpodratçılar və üçüncü şəxslər tərəfindən Xidmətlərin yüksək keyfiyyət və standartlara cavab verən şəkildə təqdim edilməsi üçün bütün zəruri tədbirləri görmək və Xidmətlərin təqdim edilməsinə cəlb etdiyi üçüncü şəxslərin hərəkət və hərəkətsizliklərinə görə Sifarişçi qarşısında birbaşa məsuliyyət daşımaq;
3.4.7. Müvafiq Sifarişin icrası ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan bütün növ icbari sığortalanmanı, habelə əmək qanunvericiliyi ilə bağlı tələbləri təmin etmək;
3.4.8. İcraçı və onun subpodratçıları əmək münasibətləri, işçilərin və işəgötürənlərin hüquq və təminatları üzrə Azərbaycan Respublikasının qanunvericiliyinin, beynəlxalq müqavilələrin və digər normativ aktların tələblərinə riayət etməli, əməyin təhlükəsizliyini təmin etməli, əməyin təhlükəsizliyinin pozulmasından yaranan məsuliyyət və xərclərdən Sifarişçini müdafiə etməlidirlər.
Maddə 4. Xidmətlərin dəyəri və ödəniş şərtləri
4.1. Xidmətlərin dəyəri Sifarişdə manatla göstərilir.
4.2. Sifarişdə digər qaydada nəzərdə tutulmadıqda, Xidmətlərin dəyəri Xidmətlər lazımi qaydada qəbul edildikdən sonra İcraçı tərəfindən təqdim olunmuş ödəniş sənədləri və qanunvericiliklə tələb edilən digər sənədlər əsasında (qaimələr, fakturalar, aktlar, digər sənədlər), 15 (on beş) bank günü ərzində İcraçının bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
Maddə 5. Zəmanət
5.1. İcraçı zəmanət verir ki, göstərilən Xidmətlər bu Ümumi Şərtlər, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş keyfiyyət standartları və göstəricilərinə tam uyğundur.
5.2. İcraçı müvafiq Sifariş çərçivəsində təqdim olunmuş Xidmətlərə onların Sifarişçi tərəfindən qəbul edildiyi tarixdən Sifarişdə göstərilən müddətə zəmanət verir.
5.3. Əgər Zəmanət müddəti ərzində Xidmətlərdə qüsurlar aşkar edilərsə, İcraçı həmin Xidmətləri Sifarişçinin İcraçıya ünvanladığı bildirişində göstərilən müddət ərzində keyfiyyətli və qüsursuz formada təkrar həyata keçirməyi və ya həmin qüsurları aradan qaldırmağı, bu mümkün olmadıqda isə əvəzinin ödənilməsini öz öhdəsinə götürür.
5.4. İcraçı tərəfindən zəmanət müddəti ərzində qüsurlar aradan qaldırılmazsa, Sifarişçi həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayaraq İcraçıya ödəniləcək məbləğdən çıxa və ya qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
5.5. İcraçı zəmanət verir ki, müvafiq Sifariş üzrə Xidmətlərin icrası üzrə zəruri bilik və bacarıqlara malik öz işçi və digər resurslara malikdir və zərurət yarandıqda Sifarişçinin tələbi əsasında işçi və digər resurlar barədə təsdiqedici sənədləri Sifarişçiyə təqdim edəcəkdir.
Maddə 6. Sifarişin qüvvədə olma müddəti və ona xitam verilməsi
6.1. Sifariş Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və Tərəflərin möhürləri ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və Tərəflər Sifariş üzrə öhdəliklərini tam icra edənədək qüvvədə qalır.
6.2. Sifarişə Tərəflərin qarşılıqlı yazılı razılığı və ya Tərəflərdən biri Sifarişin və ya Ümumi Şərtlərin müddəalarını əhəmiyyətli dərəcədə pozduqda xitam verilə bilər. Bundan əlavə, zərurət yarandıqda Sifarişçi tərəfindən istənilən səbəbdən İcraçıya 5 (beş) iş günü öncədən bildiriş göndərilməklə faktiki yerinə yetirilmiş və Sifarişçi tərəfindən qəbul olunmuş Xidmətlərin dəyərinin ödənilməsi şərtilə birtərəfli qaydada Sifarişə xitam verilə bilər.
6.3. İcraçının təqsiri nəticəsində Sifarişə xitam verildikdə, Sifarişçi, həmin Xidmətlərin üçüncü şəxs(lər) tərəfindən icra edilməsi üçün çəkiləcək bütün məbləği və həmin Sifarişin xitamı nəticəsində dəymiş zərəri İcraçıdan tələb etmək və ya İcraçıya ödəniləcək hər hansı bir məbləğlə əvəzləşdirmək (akseptsiz qaydada tutmaq) hüququna malikdir.
Maddə 7. Tərəflərin məsuliyyəti
7.1. Tərəflər Ümumi Şərtlərlə nəzərdə tutulmuş öhdəliklərin icra edilməməsinə, habelə lazımınca icra edilməməsinə görə bu Ümumi Şərtlər və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
7.2. İcraçı müvafiq Sifarişə uyğun Xidmətləri Sifarişçiyə tam və vaxtında təqdim edə bilmədiyi təqdirdə, Sifarişçinin Xidmətlərin təqdim edilməsinin hər gecikdirilmiş günü üçün həmin Sifarişdə qeyd olunan Xidmətlərin dəyərinin 0.1%-i (sıfır tam onda bir faizi) məbləğində cəriməni tələb etmək hüququ var.
7.3. İcraçı Ümumi Şərtlərin 5.3-cü bəndində göstərilmiş müddətdə qüsurları aradan qaldırmazsa, Sifarişçi İcraçıya qüsurların aradan qaldırılmasının hər gecikdirilən günü üçün qüsurlu Xidmətlərin dəyərinin 1%-i (bir faizi) dəyərində cərimə tətbiq еdə bilər.
7.4. Müvafiq Sifariş üzrə İcraçıya ödəniş gecikdirildikdə, İcraçının hər gecikdirilən gün üçün ödənilməli olan məbləğin 0.1%-i (sıfır tam onda bir faizi) məbləğində cəriməni tələb etmək hüququ var.
7.5. Tərəflər razılaşır ki, müvafiq Sifariş çərçivəsində tətbiq ediləcək cərimənin ümumi məbləği həmin Sifarişin ümumi qiymətinin 10%-dən (on faizindən) çox olmayacaqdır.
Maddə 8. Fors major
8.1. Tərəflər Sifariş və bu Ümumi Şərtlər ilə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sifarişin Tərəflər arasında imzalanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının Sifarişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.
8.2. Ümumi Şərtlərin 9.1-ci bəndi ilə müəyyən edilmiş səbəblərdən Sifarişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.
8.3. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı xəbərdar etməlidir. Müvafiq xəbərdarlığın edilməsi fors-major halın yaranması anından 10 (on) təqvim günündən çox gecikərsə, bu zaman qarşı Tərəf Sifarişə birtərəfli qaydada xitam verə bilər.
8.4. Fors-major halların baş verməsi barədə vaxtında xəbərdar etməyən Tərəf Sifariş və bu Ümumi Şərtlər üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallara istinad etmək hüququnu itirir və tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
8.5. Fors-major halların mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.
Maddə 9. Mübahisələrin həlli
9.1. Sifariş və bu Ümumi Şərtlər ilə əhatə olunmayan məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
9.2. Sifarişdən və ya onunla əlaqədar yaranan bütün mübahisələr, münaqişələr, fikir ayrılıqları və tələblər (bundan sonra “Mübahisələr” adlanacaq) Tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. 30 (otuz) təqvim günü ərzində qarşılıqlı razılıqla həll edilməyən Mübahisələr Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll ediləcəkdir.
Maddə 10. Məxfilik
10.1. Tərəflərdən hər biri Sifariş imzalayaraq, Sifarişçidən və Ümumi Şərtlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi zamanı onlara məlum olmuş məxfi informasiyanı heç bir halda yaymamaq barədə öhdəlik götürürlər. Bu öhdəliklər İcraçı tərəfindən Xidmətlərin təqdim edilməsi üçün cəlb olunmuş üçüncü şəxslərə də şamil edilir.
10.2. Bu maddənin məqsədləri üçün məxfi məlumat dedikdə, Tərəflərin Sifarişin imzalanması və icrası zamanı əldə etdiyi kommersiya sirləri, texniki, maliyyə, istehsalat məlumatları da daxil olmaqla, ictimaiyyətə açıqlanmayan digər istənilən növ məlumat nəzərdə tutulur.
10.3. Tərəflər təsdiqlənmiş Sifarişdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi zamanı onlara məlum olmuş məlumatları Sifarişin icrasından başqa məqsədlər üçün istifadə etməməlidir.
10.4. Sifariş üzrə məxfi hesab olunan məlumatın açıqlanması yalnız Tərəfin yazılı razılığı əsasında və ya bu Ümumi Şərtlərin və ya qanunvericiliyin tələblərinə əsasən mümkündür.
10.5. Tərəflər Sifarişin müddəti bitdikdən sonra da məxfilik barədə müvafiq öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.
Maddə 11. Korrupsiya ilə mübarizə
11.1. Sifarişçi qəbul etdiyi korrupsiya ilə mübarizəyə dair müvafiq daxili sənədinin bir hissəsi kimi Sifarişçiyə xidmət göstərən hər hansı bir kontragent tərəfindən Sifarişçinin biznes əməliyyatları ilə bağlı olaraq hər hansı bir işi "asanlaşdırmaq" məqsədilə edilən rüşvət ödənişini qadağan edir. İcraçı rüşvət, pulların yuyulması və korrrupsiya əlehinə mübarizəyə dair Azərbaycan Respublikasının Qanunlarına əməl etməli və təsdiqlənmiş Sifarişin/Sifarişlərin icrasına və ya həmin Sifarişdən/Sifarişlərdən əldə ediləcək gəlirə hər hansı bir şəkildə təsir etmək məqsədilə, birbaşa və ya dolayı yolla, hər hansı bir işçi, vəzifəli şəxs və ya dövlət məmuruna qiymətli heç bir şey verməməli və ya verməyə razılaşmamalı və hər hansı bir işçi, vəzifəli şəxs və ya dövlət məmurundan qiymətli heç bir şey almamalı və ya almağa razılaşmamalıdır. Bu bəndin şərtləri İcraçı tərəfindən pozulduqda, Sifarişçi Sifariş/Sifarişlər üzrə ödənişin edilməsini dayandıra və ya həmin Sifarişə/Sifarişlərə xitam verə bilər.
Maddə 13. Yekun müddəalar
13.1. Sifariş(lər)in və ya Ümumi Şərtlərin hər hansı müddəasının, qanunvericiliyin dəyişməsindən irəli gələn etibarsızlığı, onun digər müddəalarının və bütövlükdə onların etibarsızlığına gətirib çıxarmır.
13.2. Sifariş(lər)in icrasına dair bütün bildirişlər, xəbərdarlıqlar, tələblər və təkliflər (bundan sonra “Bildirişlər” adlanacaq) yazılı qaydada tərtib olunmalıdır. Bildirişlər şəxsən çatdırılmalı, elektron poçt yaxud kuryer xidməti vasitəsilə Tərəflərin müvafiq Sifarişdə göstərilən ünvanlarına göndərilməlidir. Şəxsən çatdırılan hər hansı Bildiriş fiziki olaraq çatdırıldığı, elektron poçt ilə verilmiş Bildirişlər elektron məktubun bildirişinin alındığı, kuryer xidməti vasitəsi ilə göndərilən Bildiriş isə kuryerlə çatdırıldığı və müvafiq qəbzin imzalandığı andan etibarən təqdim edilmiş hesab olunur.
13.3. Bu Ümumi Şərtləin və/və ya Sifarişin/Sifarişlərin dəyişdirilməsinə və ona əlavələrin edilməsinə Tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Bu Ümumi Şərtlərə və/və ya Sifarişə/Sifarişlərə edilən bütün əlavə və dəyişikliklər yazılı qaydada aparılır və Tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları və Tərəflərin möhürləri ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir. Birtərəfli qaydada aparılan əlavə və dəyişikliklər hüquqi qüvvəyə malik deyildir.
13.4. Hər bir Tərəf ona aid olan məlumatları dəyişdiyi təqdirdə, həmin dəyişikliklərin baş verdiyi tarixdən 10 (on) təqvim günü ərzində bu barədə digər Tərəfi yazılı şəkildə məlumatlandırmaq öhdəliyi daşıyır. Bu öhdəlik icra edilmədiyi təqdirdə, digər Tərəf əvvəlki məlumatlarla aparılmış hərəkətlərə görə məsuliyyət daşımır.
13.5. İcraçı müvafiq dövlət qurumu tərəfindən “riskli vergi ödəyicisi” kimi tanındığı (tanınacağı) təqdirdə, Sifarişçini bu barədə dərhal yazılı şəkildə məlumatlandırmalıdır. Əks halda "riskli vergi ödəyicisi" ilə maliyyə əməliyyatlarının aparılmasına görə Sifarişçiyə dəyən zərərin əvəzi və / və ya hər hansı maliyyə itkiləri (əlavə xərclər, vergi öhdəliyi, cərimə, maliyyə sanksiyası, faiz və s.) İcraçı tərəfindən kompensasiya edilməlidir.